Son iki il ərzində azərbaycanlı iş adamlarının Gürcüstan iqtisadiyyatına birbaşa ümumi investisiyalarının həcmi $210 mln. təşkil edib. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Qəbələdə keçirilən üçüncü Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda bəyan edib.
"Ölkə rəhbərlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu gün ölkələrimiz arasındakı regional əməkdaşlıq dünyada bir örnəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə üçtərəfli formatda təşkil olunan Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumları ölkələrimiz arasında regional strateji tərəfdaşlığın daha bir göstəricisidir", - deyə Ş.Mustafayev forumda çıxışında bildirib.
Ounun sözlərinə görə, Azərbaycanın və Orta Asiya regionunun enerji resurslarının Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarına nəql edilməsi, hər üç ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaması regionun əhəmiyyətini daha da artırır.
“Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Asiya və Avropa arasında nəqliyyat dəhlizinin yaradılması istiqamətində strateji həlqə rolunu oynayacaq”, - deyə nazir əlavə edib.
Ş.Mustafayev ölkələr arasında ticarət əlaqələrinin, qarşılıqlı investisiya fəaliyyətinin dərinləşdiyini vurğulayıb. Onun fikrincə, möhkəm qanunvericilik bazasının formalaşması, hökumətlərarası komissiyaların, Azpromo, DEİK, ATİB, "İnvest in Georgia" və s. qurumların məhsuldar fəaliyyəti, müntəzəm olaraq biznes forumların, sərgilərin və digər tədbirlərin keçirilməsi iş adamları arasında əlaqələrin daha da genişlənməsinə əlverişli zəmin yaradır, ticarət dövriyyəsi və investisiya qoyuluşları artır.
Nazir məlumat verib ki, 2012-ci ildə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 20,6% artıb. Onun sözlərinə görə, hazırda Azərbaycanda 2 000-dən artıq türk şirkəti, Türkiyədə isə 1 100 yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. O bildirib ki, Azərbaycandakı xarici şirkətlərin 36%-ni türk şirkətləri təşkil edir. “Türkiyə şirkətləri Azərbaycanda dövlət əsaslı vəsaiti hesabına həyata keçirilən layihələrdə podratçı və subpodratçı qismində də iştirak edirlər. Azərbaycanda əsas kapitala türk şirkətləri tərəfindən $2,1 mlrd. həcmində sərmayə qoyulub ki, bu vəsaitin $1,5 mlrd.-ı qeyri-neft sektorunun payına düşür”, - deyə o qeyd edib.
“Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə də Türkiyə birinci yeri tutur. Təkcə SOCAR tərəfindən Türkiyəyə 2018-ci ilədək $17 mlrd. həcmində investisiya yatırılacaq”, - deyə Ş.Mustafayev bildirib.
Gürcüstanla iqtisadi münasibətlər barədə məlumat verən nazir vurğulayıb ki, 2012-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 12,1% artıb. “Azərbaycanda 150-dən artıq Gürcüstan şirkəti, Gürcüstanda isə 300-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Təkcə son iki il ərzində Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına $210 mln. həcmində birbaşa investisiya yatırılıb. Azərbaycan şirkətləri tərəfindən indiyədək Gürcüstanda 7 700-dən artıq iş yeri yaradılıb”, - deyə nazir qeyd edib.
O, həmçinin üçtərəfli formatda müxtəlif tədbirlərin davam etdirilməsi, ölkələrin regionları arasında əməkdaşlığın gücləndirilməsi, dövlətlərarası elektrik enerjisi mübadiləsi imkanlarının artırılması, maliyyə institutlarının iştirakı ilə birgə investisiya fondlarının yaradılması, turizm və bütövlükdə regional əməkdaşlıq sahəsində əlaqələrin genişlənməsinin əhəmiyyətini qeyd edib.
"Bu uğurların fonunda regionda yalnız bir ölkə, işğalçı Ermənistan regional proseslərdən kənarda qalıb. Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, qonşu ölkələrə torpaq iddiaları regionda əməkdaşlığın genişləndirilməsinə ciddi maneələr törədir və bu ölkə təcavüzkar siyasəti nəticəsində regional layihələrdə iştirakdan məhrumdır, buna görə də siyasi, sosial-iqtisadi, demoqrafik uçuruma yuvarlanır. Bu siyasətə son qoyulmayanadək Ermənistanın hər hansı bir regional layihədə iştirakı mümkün olmayacaq”, - deyə Ş.Mustafayev qeyd edib.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili hər üç ölkənin iştirakı ilə reallaşdırılan layihələrin regionun inkişafında və ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətini qeyd edib.
“Gürcüstan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa çox böyük önəm verir. Son 10 ildə Azərbaycan və Türkiyə tərəfindən Gürcüstana investisiya qoyuluşu əhəmiyyətli dərəcədə artırıb. Bununla belə, Gürcüstan regional əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır", - deyə gürcüstanlı nazir vurğulayıb.
G.Kvirikaşvili növbəti biznes forumun bu ilin oktyabr ayında Batumidə (Gürcüstan – İF-Az) keçirilməsini təklif edib.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun müxbirinin məlumatına görə, Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan forumda çıxışında vurğulayıb ki, indiyədək Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına $6,5 mlrd., Azərbaycan şirkətləri Türkiyə iqtisadiyyatına $4 mlrd. vəsait yatırıblar.
Onun sözlərinə görə, bundan başqa, Gürcüstan iqtisadiyyatına Türkiyə investisiyaları 1,1 mlrd., Türkiyəyə Gürcüstan investisiyaları $23 mln. təşkil edib.
Biznes forumun təşkilatçıları İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Gürcüstanın "Invest in Georgia" Milli İnvestisiya Agentliyi və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatıdır (DEİK).
Tədbirdə hər üç ölkədən sənaye, energetika, kənd təsərrüfatı, İKT, turizm, nəqliyyat, xidmət, ticarət və s. sahələrdə fəaliyyət göstərən 250-dən çox iş adamı iştirak edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət