Biz bütün dövrlərdə və bütün məsələlərdə daim bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu fikri prezident İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə birgə mətbuat konfransında çıxışı zamanı səsləndirib.
“Biz bütün dövrlərdə və bütün məsələlərdə daim bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, dəyişməz siyasətdir. Bu siyasət həm ədalətə, həm də bizim tarixi keçmişimizə söykənir. Biz çox istəyirik ki, gələcək nəsillər də bu əlaqələri yüksək səviyyədə saxlasınlar. Bunun üçün bütün imkanlar var. Çünki bizim siyasi maraqlarımız üst-üstə düşür. Biz istəyirik ki, bölgədə sülh, əmin-amanlıq olsun, qarşıdurmalar olmasın, bütün ölkələr, bütün xalqlar rahat yaşasınlar, öz həyatını qursunlar, heç kim heç kimin daxili işinə qarışmasın”, - deyə İ.Əliyev bildirib.
“Türkiyə-Azərbaycan birliyi və siyasəti bölgədə sabitləşdirici rol oynayır. Çünki bölgədə sabitlik, əfsuslar olsun ki, pozulub, yeni təhdidlər, risklər meydana gəlir. Biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Əlbəttə, Türkiyə nə qədər daha güclü olsa, Azərbaycanın gücü də o qədər artacaqdır”,- deyə Azərbaycan prezidenti vurğulayıb.
“Biz bütün beynəlxalq təşkilatlarda da bir-birimizi daim dəstəkləyirik. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəklədiklərinə görə Türkiyə xalqına, dövlətinə minnətdarlığımı bildirmək istəyirəm”,- deyə o əlavə edib.
İ.Əliyev birgə nəqliyyat və energetika layihələrinin həyata keçirildiyini bildirib, Trans-Anadolu (TANAP) qaz kəmərinin tikintisi haqqında danışıb.
“TANAP layihəsinin icrasında heç bir problem yoxdur və bu gün biz bir daha bu məsələni müzakirə etdik. Əminəm ki, bu layihə vaxtında – 2018-ci ildə, bəlkə ondan da tez icra ediləcəkdir. Beləliklə, Azərbaycan Türkiyəyə və ondan sonra Avropaya daha böyük həcmdə təbii qazını ixrac edə biləcək. Türkiyə və Avropa ölkələri yeni alternativ mənbəyə çıxış əldə edəcəklər. Bütün tərəflər bu layihənin icrasından ancaq fayda görəcəklər”, - deyə dövlət başçısı söyləyib.
O deyib ki, Azərbaycanın çox zəngin təbii qaz yataqları vardır. Təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir.
Azərbaycan prezidenti qarşılıqlı investisiya məsələlərinə də toxunub. “Azərbaycan yaxın illərdə Türkiyəyə 20 milyard dollara yaxın sərmayə qoyacaqdır. O sərmayənin bir hissəsi artıq qoyulub və bu, əlbəttə ki, bir daha bizim siyasi iradəmizi əks etdirir”, - deyə prezident qeyd edib.
Dövlət başçısının sözlərinə görə, bütün digər sahələrdə, o cümlədən humanitar sahədə də sıx əməkdaşlıq aparılır. Hərbi sahədə çox gözəl əməkdaşlıq aparılır. Azərbaycan Türkiyədən ordumuza lazım olan silahları alır. Eyni zamanda, biz artıq bir neçə dəfədir ki, birgə hərbi təlimlər də keçirdik, həm Türkiyədə, həm Azərbaycanda. Bu, bir daha bizim birliyimizi nümayiş etdirir, gücümüzü artırır. Bu gün həm regionda, həm Avropada gedən proseslərdə Türkiyə və Azərbaycan artıq ciddi amil kimi mövcuddur.
“Son illər ərzində Türkiyənin inkişafı, güclənməsi, dünya miqyasında artan rolu bizi bir dost, qardaş kimi çox sevindirir və bir daha demək istəyirəm ki, bizi də gücləndirir”,- deyə İ.Əliyev bildirib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət