Sentyabrın 21-də BMT Təhlükəsizlik Şurası Qarabağ ətrafındakı vəziyyəti müzakirə etmək üçün yenidən təcili iclas keçirib. Keçən dəfə avqustun 16-da Təhlükəsizlik Şurasında bu mövzunun müzakirəsi Ermənistan və onun yaxın tərəfdaşları üçün tam bir fiasko ilə başa çatmışdı. 5 həftədən sonra Fransa (bu iclası çağıran) və Ermənistan (iclasın keçirilməsinə razılıq verən) yenidən Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə etməyə risk etdilər. Bu dəfə iclasın keçirilməsinə formal səbəb sentyabrın 19-20-də Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri olub.
TŞ-nin iclası başlayanda Azərbaycan artıq 24 saat ərzində bütün tapşırıqları yerinə yetirərək antiterror tədbirlərini başa çatdırmağa nail olmuşdu. Bundan başqa, Qarabağ erməniləri ilə reinteqrasiya, onlara zəruri humanitar yardımın göstərilməsi məsələləri ilə bağlı artıq ilk təmaslar təşkil olunub. Beləliklə, TŞ toplanmaya da bilərdi, lakin Fransa-Ermənistan dueti sona qədər getməyə və yenə də BMT-də bu mövzunu qaldırmağa qərar verdi. Sonda hər şey başa çatmalı olduğu kimi yekunlaşdı – TŞ öz üzvlərini, maraqlı tərəfləri dinlədi və heç bir bəyanat qəbul edilmədən hər kəs dağılışdı. Beləliklə, Ermənistanın və onun əsas himayədarının fiasko yerini, necə deyərlər, dəyişmək olmaz.
Ümid edək ki, uğursuzlar dueti, nəhayət, sakitləşəcək və hər lokal hadisəyə görə BMT TŞ-ni çağırmağa son verəcək. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxışının əvvəlində məhz buna diqqət çəkərək qeyd edib ki, Ermənistan BMT-yə bu cür müraciətlərdən sui-istifadə edir ki, bu da təşkilatın Nizamnaməsini pozur və eyni zamanda, başqa ölkənin daxili işlərinə müdaxilədir.
İclasda kimin öz çıxışı zamanı nə söylədiyi barədə ətraflı danışmayacağıq. Ümumiyyətlə, əsas antiazərbaycan çıxışlarının leytmotivi belə idi: Azərbaycanın antiterror tədbirləri qəbuledilməzdir və dayandırılmalıdır (antiterror tədbirləri isə iclasın başlamasından 34 saat əvvəl dayandırılıb – İF), Qarabağdakı ermənilərin hüquqları və təhlükəsizliyi təmin edilməlidir (onlar özlərini blokadaya salıblar – İF), Ermənistanla sülh müqaviləsi üzrə danışıqları davam etdirmək lazımdır (Bakı buna qarşı deyil, bu, İrəvanın problemidir – İF). Həmişə olduğu kimi bunda Avropa ölkələri və ABŞ xüsusi canfəşanlıq edirdi.
Üstəlik, ən təəccüblüsü budur ki, Azərbaycanın hərəkətlərini pisləyənlərin demək olar ki, hamısı bəyan ediblər ki, Bakının Qarabağ üzərində suverenliyi onların heç biri üçün mübahisə mövzusu deyil. Lakin onların heç biri Azərbaycan torpağında separatizmi pisləməyib, separatçıları silahlarını yerə qoymağa çağırmayıb. Bu da kollektiv Qərbin demokratik oyunbazlığı.
İclasda dəvət olunmuş “ulduz” kimi iştirak edən Aİ diplomatiyasının rəhbəri Cozef Borrel çıxışının sonunda Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımağa çağırıb. Qeyd etmək lazımdır ki, Borrelin köməkçiləri zəifdir: Prezident Əliyev hələ sentyabrın 20-də xalqa müraciətində Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Beləliklə, Avropa diplomatiyasının rəhbəri komandasını yeniləmək üzərində düşünməlidir.
TŞ-nin qalan üzvləri ümumiyyətlə neytral mövqe tutaraq məsələnin birdəfəlik bağlanması üçün yenidən İrəvan və Bakını danışıqlara çağırdılar. Bakı bunun əleyhinə deyil, amma burada İrəvan addım atmalıdır, lakin hələ ki biz Ermənistan tərəfindən sülh prosesinə qarşı müqavimət görürük.
Əgər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin çıxışlarını təhlil etsək, bu çıxışlarda kəskin təzadın olduğunu görmək olar.
Ceyhun Bayramov çıxışında Azərbaycanın antiterror tədbirlərinə başlamağa məcbur olmasının səbəblərini aydın şəkildə izah edib. O, heç bir suveren ölkənin öz ərazisində təpədən dırnağa qədər silahlanmış 10 mindən çox separatçıya dözməyəcəyini deyib. Azərbaycan onların üçtərəfli bəyanatlara uyğun olaraq tərksilah olunacaqlarını 3 il gözlədi, lakin heç kimin bunu etməyi düşünmədiyini anladıqda öz məsələsini yenidən özü həll etdi. Nazir əlavə edib ki, bütün tapşırıqlar Azərbaycan hərbçiləri tərəfindən ən qısa zamanda və yüksək peşəkarlıqla yerinə yetirilib.
Bundan başqa, Bayramov Qarabağdakı ermənilərin hansısa təhlükədə olması ilə bağlı Bakının ünvanına səsləndirilən qınaqlara cavab olaraq, iclasın başlamasından bir neçə saat əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ sakinləri üçün heç bir təhlükənin olmaması ilə bağlı sözlərini sitat gətirib. Bu, güclü gediş idi.
Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərinə gəlincə, onun çıxışı Qarabağ ermənilərinin guya çətin həyatı, aclıqdan və əzab-əziyyətdən ölmələri barədə yalan narrativlərlə dolu idi (halbuki Yevlaxda keçirilən görüşdə iştirak edən Qarabağ ermənilərinin nümayəndələrinin üzünə baxanda bu insanların heç olmasa bir gün ac qaldıqlarını güman etmək çətindir – İF). Buna görə də Mirzoyan guya Qarabağda Ermənistan silahlı qüvvələrinin olmadığına haqq qazandıraraq onun üçün adi hal olan cəfəngiyyata əl atıb və insan hüquqları, humanitar və təhlükəsizliklə bağlı vəziyyətin qiymətləndirilməsi üçün dərhal Qarabağa BMT-nin idarələrarası missiyasının göndərilməsinə çağırıb. O, həmçinin Qarabağda “sabitliyi və təhlükəsizliyi qorumaq üçün BMT-nin himayəsi altında sülhməramlı qüvvələrin yaradılması üçün imkanlar” yaratmağa çağırıb. Mirzoyan bunun İrəvanın Rusiya sülhməramlılarını beynəlxalq missiya ilə əvəz etməyi təklif etməsi anlamına gəlib-gəlmədiyini dəqiqləşdirməyib. Əlavə etmək lazımdır ki, Mirzoyandan sonra Bayramov çıxış edəndə Ermənistan XİN başçısı iclas zalını tərk edib.
Ümumiyyətlə, belə bir təəssürat yaranır ki, Paşinyan və onun ətrafı hər dəfə yağlı şillə almaq üçün BMT TŞ-də Qarabağ mövzusunu daim gündəmə gətirir. Bu, ona daxili auditoriyanı Qarabağ məsələsinin bağlandığına və heç kimin Ermənistana kömək etməyəcəyinə inandırmaq üçün lazımdır. Lakin İrəvandakı reaksiyalara əsasən Ermənistanda Paşinyanın mesajlarını anlamırlar və hələ də "çəhrayı eynək taxırlar". Onu isə çıxarmağın vaxtı gəlib çatıb və yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri də BMT TŞ-nin iclasında buna çağırıb.
Və daha bir məqam. Sentyabrın 21-də Ermənistan müstəqillik gününü qeyd etdi. Halbuki Ermənistanla bağlı halda müstəqillik şərti məfhumdur, çünki bu ölkə 32 il ərzində heç vaxt subyekt olmağa cəhd göstərməyib, obyekt statusu onu qane edib. Ancaq belə status onu qane edirsə, o halda dünən İrəvan növbəti dəfə müvafiq hədiyyə aldı.*
A.Əzizov
AZPROMO-nun rəhbəri: Azərbaycan 3-4 il ərzində şərab ixracını $25 milyonadək artıra bilər
Azərbaycanda üzüm bağlarının sahəsi 17 min hektar təşkil edir
Parlament 2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarını təsdiq edib
9 ay ərzində Aİ ölkələri Azərbaycana ətir və tualet suyu ixracını 16% artırıb
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Netanyahu Qəzza zolağı üzərində nəzarəti Abbasa verilməsinə imkan verməyəcəyini bəyan edib
Mirzoyan regional məsələlərdə İrəvan və Moskvanın oxşar və ya kəsişən maraqları barədə məlumat verib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
“Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş
AccessBank-dan yeni sahibkarlar üçün 50%-ə qədər endirim kampaniyası
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək