Bu gün Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər və bu gün ancaq Azərbaycan dövlətinin siyasəti sayəsində bölgədə sabitlik hələ ki, təmin edilir. Bu barədə prezident İlham Əliyev çərşənbə günü Ağdamdakı “N” saylı hərbi hissədə hərbçilərlə görüşü zamanı bəyan edib.
“Bu gün Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər. Bunu biz də bilirik, Azərbaycan xalqı da, düşmən də bilməlidir. Bu gün ancaq Azərbaycan dövlətinin siyasəti sayəsində bölgədə sabitlik hələ ki, təmin edilir”, - deyə prezident bildirib. O vurğulayıb ki, Azərbaycan sabitləşdirici ölkədir.
Təmas xəttində vəziyyətlə bağlı müntəzəm operativ məlumat aldığını qeyd edən dövlət başçısı bildirib ki, vəziyyət tam nəzarət altındadır.
“Bizim mövqelərimiz möhkəmdir, güclüdür və təmas xəttində Azərbaycan ordusu tam üstünlüyü əldə edib. Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır. Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər”, - deyə İ.Əliyev əlavə edib ki, bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və “Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir”.
“Biz bundan sonra da öz döyüş potensialımızı artıracağıq. Hazırda Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, biz istənilən vəzifəni icra edə bilərik. Son vaxtlar həm Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda, xarici mənbələrdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir qurğular əldə edilibdir Ordumuzda ən güclü artilleriya qurğuları vardır. Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar – bütün bunlar bu gün Azərbaycan ordusunun potensialını təşkil edən amillərdir. Biz bu gün öz imkanlarımızı artıraraq daha da güclü orduya malik oluruq və bu ordu istənilən vaxtda istənilən vəzifəni icra edə bilər”, - deyə prezident vurğulayıb.
“Erməni işğalçı qüvvələri bir həftə bundan əvvəl qorxaqcasına, namərdcəsinə gecə vaxtı bizim mövqelərimizə hücum ediblər. Biz itki vermişik, əsgərlərimiz şəhid olublar. Ancaq, eyni zamanda, düşmən layiqli cavab aldı. Həmişə olduğu kimi, erməni tərəfi öz itkilərini gizlədir. Ancaq biz bilirik ki, onlarla işğalçı məhv edilib və bu əməliyyatlarda xüsusi rəşadət, cəsarət, peşəkarlıq göstərən əsgər, gizir və zabitlər bu gün bu masa arxasında əyləşiblər. Mən onları təltif etmişəm”, - deyə prezident hərbçilərə minnətdarlığını bildirib.
Dövlət başçısı qeyd edib ki, bu gün erməni tərəfi panikadadır.
“Biz bunu bilirik. Bizim kifayət qədər imkanlarımız var ki, qarşı tərəfdə nələr baş verdiyini bilək. Biz tam şəkildə hərbi və mənəvi üstünlüyü əldə etmişik. Biz öz torpağımızdayıq. Bir həftə bundan əvvəl həlak olan şəhidlərimiz öz torpağında şəhid olublar. Sual olunur: erməni əsgərinin – işğalçı qüvvələrin əsgərinin Ağdam ərazisində nə işi var?”, - deyə prezident bildirib.
“Ermənistanın faşist rəhbərliyi, hərbi xunta öz ölkəsini uçuruma aparır. Onlar bizim torpaqlarımızı işğal ediblər, eyni zamanda, bütün Ermənistanı işğal ediblər. Erməni xalqı kriminal, korrupsioner rəhbərlikdən öz canını qurtarmalıdır. Əks təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir”, - deyə İ.Əliyev vurğulayıb. O qeyd edib ki, əgər Ermənistan rəhbərliyi “öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər”.
“Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Həmişə belə olub, bu gün də belədir, sabah da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində baş vermiş hadisələr nəticəsində müvəqqəti olaraq torpaqlarımız işğal altına düşüb. Ancaq biz öz suverenliyimizi bərpa edəcəyik. Bütün işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılacaq. Bu, bizim məqsədimizdir. Bu məqsədə doğru gedirik və biz bu məqsədə çatmaq üçün daha da güclü ordu yaratmalıyıq”, - deyə prezident vurğulayıb. O qeyd edib ki, hazırda Azərbaycanın iqtisadi, siyasi potensialı Ermənistandan qat-qat artıqdır, üstündür.
“Biz heç vaxt Azərbaycan torpağında ikinci qondarma “erməni dövləti”nin yaradılmasına imkan verməyəcəyik, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik: ya sülh yolu ilə, ya hərbi yolla. Biz hər iki varianta hazırıq. Son həftə ərzində və ondan əvvəlki dövrdə təmas xəttində müşahidə olunan mənzərə onu deməyə əsas verir ki, biz istənilən varianta hazırıq. Necə ki, siyasi və iqtisadi meydanda ermənilərə qalib gəlmişik, döyüş meydanında da onlara qalib gəlməyə qadirik”, - deyə dövlət başçısı qeyd edib.
Azərbaycanın güclü hərbi potensiala malik olduğunu qeyd edən prezident vurğulayıb ki, ölkənin əsas gücü Azərbaycan əsgərlərinin cəsarəti, vətənpərvərliyidir
“Bu gün Azərbaycanda elə gözəl gənc nəsil yetişib ki, onların hamısı Ali Baş Komandanın əmrini gözləyir. Son hadisələr də bunu göstərir. Hətta hərb işindən kənarda olan insanlar da öz fikirlərini, istəklərini bildirirlər, könüllü olaraq cəbhə bölgəsinə getmək istəyirlər. Bu, məni çox sevindirir və onu göstərir ki, Azərbaycanda vətənpərvərlik ruhu yüksəkdir. Mənəvi üstünlük bizim tərəfimizdədir. Ermənistandan isə son hadisələrdən sonra (təmas xəttində - İF-Az) əhali kütləvi köçə başlayıb”, - deyən İ.Əliyev əlavə edib ki, hər il əhəmiyyətli sayda vətəndaş bu ölkəni həmişəlik tərk edir.
“Onlar (ermənilər - İF-Az) bizdən qorxurlar, panikadadırlar. Özləri etiraf edirlər ki, xarici yardım olmadan Ermənistanın müstəqilliyini saxlaya bilməzlər. Açıq şəkildə etiraf edirlər ki, xarici qüvvələrə güvənirlər. Biz isə öz xalqımıza, öz gücümüzə güvənirik. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və etməliyik. Azərbaycan xalqı öz ordusunu sevir, ona inanır, güvənir”, - deyə prezident bildirib. O vurğulayıb ki, Azərbaycan Ordusunun bütün əsgər, gizir və zabitləri çox böyük qiymətə layiqdirlər. İ.Əliyev xüsusi təyinatlı bölmələrdə xidmət edən əsgər və zabitlərimizin xüsusi xidmətlərini qeyd edib.
“Siz hər an öz həyatınızı risk altına salırsınız, böyük qəhrəmanlıq göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və istəyirəm Azərbaycan xalqı da bilsin ki, bizim necə gözəl döyüşçülərimiz, qəhrəmanlarımız var”, - deyə dövlət başçısı bəyan edib.
“Göstərdiyiniz qəhrəmanlığa görə sizi bir daha təbrik edirəm. Bu gün gəlmişəm ki, sizinlə birlikdə bu səngərlərdə olum, sizə öz sözümü deyim və Azərbaycan xalqını buradan əmin edim ki, Azərbaycan Ordusu Azərbaycan dövlətini qoruyur və öz məqsədinə çatacaq. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik”, - deyə prezident nitqinə yekun vurub.
Y.Əliyev, F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət