Dünya birliyi beynəlxalq terrorçuluqla mübarizədə birləşməlidir, terrorçuları yaxşı və pisə ayırmamalıdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Terrorçuluqla mübarizə bütün bəşəriyyətin işi olmalıdır. Vahid yanaşmalar, bütün ölkələrin səylərinin əlaqələndirilməsi vacibdir. Heç bir halda terrorçuları yaxşı və pisə ayırmaq olmaz, yəni, guya yaxşı sənin düşməninə qarşı olan, pis isə sənə qarşı olandır”, - deyə İ.Əliyev cümə axşamı Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclasının iştirakçıları ilə görüş zamanı bildirib.
“Tarix dəfələrlə göstərib ki, terrorçuluq elementləri ilə istənilən “oyunlar” son nəticədə bununla məşğul olan ölkələrə təhdidlər yaradır. Ona görə, dünya birliyinin beynəlxalq terrorçuluqla mübarizədə səylərinin birləşdirilməsi regional və beynəlxalq təhlükəsizliyin əsas şərtidir”, - deyə prezident vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, müasir dünyada heç bir ölkə öz təhlükəsizliyini təkbaşına tamamilə həll edə bilməz.
“Dünyada və regionda vəziyyət çox sürətlə dəyişir. Həm də, təəssüf ki, yaxşı tərəfə yox. Mövcud təhdidləri aradan qaldırmaq əvəzinə, biz yeni təhdidlərin - həm real, həm də potensial münaqişə ocaqlarının yarandığını görürük. Amma hələ ki, biz regionlarımızdakı münaqişələrlə bağlı nizamlanma istiqamətində heç bir müsbət perspektiv müşahidə etmirik”, - deyə İ.Əliyev bildirib. Bununla əlaqədar o, dünya birliyinin beynəlxalq təhklükəsizliyinin təminatına dair səylərinin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb. “Biz hamımız bir-birimizə bağlıyıq. Bu şəraitdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərin həllinin vacibliyində operativ informasiya mübadiləsi, birgə səylərlə qarşılıqlı dəstək xüsusi əhəmiyyət kəsb edir”, - deyə prezident qeyd edib.
O bildirib ki, bu gün ölkələr qarşısında yeni vəzifələr durur - “beynəlxalq vəziyyətin daha da gərginləşdiyi şəraitdə ölkələrimizin təhlükəsizliyinin, milli təhlükəsizliyinin, dövlət təhlükəsizliyinin təmin edilməsi”. “Hesab edirəm ki, bu halda risklərin azaldılmasının ən vacib amillərindən biri məhz sizin fəaliyyətin əlaqələndirilməsidir. Xüsusi xidmət orqanları rəhbərləri arasında çox xoş, etibarlı, dost münasibətlər olmalıdır ki, siz bir çox məsələləri operativ şəkildə həll edəsiniz və bir-birinizə kömək göstərəsiniz”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident deyib ki, hazırkı şəraitdə beynəlxalq terrorizmlə mübarizə xüsusi əhəmiyyət kəsb edir. “Bu gün beynəlxalq terrorizmlə mübarizə dünya birliyinin üzvü olan əksər ölkələri birləşdirir. Hesab edirəm ki, terrorçuluq vətəndaşların təhlükəsizliyinə ən əsas hədədir. Təəssüf ki, biz yeni terror təşkilatlarının yarandığını və meydana çıxdığını görürük. Onlar yeni mübarizə üsullarından istifadə edirlər. Əlbəttə ki, xüsusi xidmət orqanları buna qarşı təsirli cavab verməyə və bu risklərin aradan qaldırılmasına hazır olmalıdır”, - deyə İ.Əliyev bəyan edib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan hər zaman beynəlxalq terrorçuluqla mübarizədə fəal iştirak edib.
“Bu mövzunu biz həmişə ən yüksək forumlarda qaldırmışıq. Sizin ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəsizliyin möhkəmləndirilməsinə, risklərin minimallaşdırılmasına böyük diqqət yetirilir. Deməliyəm ki, ölkə daxilində potensial təhdid və risklər yoxdur. Ancaq əlbəttə, bizim yerləşdiyimiz regionda baş verən prosesləri dəqiqliklə izləməli və ölkəmizin, xalqımızın təhlükəsizliyini maksimum təmin etməliyik ki, Azərbaycan bundan sonra da inkişaf və tərəqqi yolunu davam etdirsin”, - deyə prezident bildirib.
O qeyd edib ki, “Azərbaycan 1990-cı illərin əvvəllərində sabitliyin pozulduğu dövrün çətinliklərini öz üzərində hiss edib”.
“Bu, qan tökülməsinə, vətəndaş müharibəsinə, sabitliyin pozulmasına gətirib çıxardı. Ancaq 20 ildən çoxdur ki, Azərbaycanda inamlı, ardıcıl inkişaf, təhlükəsizliyin möhkəmlənməsi müşahidə olunur. Əlbəttə ki, istənilən ölkənin iqtisadi inkişafı təhlükəsizliyin təminatı səviyyəsi ilə birbaşa bağlıdır. Çünki bu gün bir çox ölkələr xarici investisiya mənbələri axtarır. Təbii ki, təhlükəsizliyi hələ lazımi səviyyədə olmayan ölkəyə investisiya qoyuluşunu gözləmək düzgün olmazdı. Möhkəm təhlükəsizlik sistemi, ictimai-siyasi sabitlik olmadan heç bir ölkədə inkişaf mümkün deyil”, - deyə İ.Əliyev vurğulayıb.
Dövlət başçısı türkdilli ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilən bu cür tədbirlərin çox vacib praktik əhəmiyyətə malik olduğunu söyləyib.
“Şadam ki, bu tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olmayan, lakin bizə dost dövlətlərin nümayəndələri də iştirak edirlər. Bu, çoxplanlı və çoxşaxəli əməkdaşlığın yaxşı nümunəsidir. Əminəm ki, bu gün və sabah Bakıda aparılacaq müzakirələr, fikir mübadilələri faydalı olacaq, eləcə də bizim xüsusi xidmət orqanları arasındakı qarşılıqlı əməkdaşlığın genişlənməsinə, fəaliyyətin daha yaxşı əlaqələndirilməsinə və ölkələrimizin milli təhlükəsizliyinin təmin olunması üçün səylərin birləşdirilməsinə dəstək olacaq”, - deyə o bildirib.
F.Hüseynzadə, R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət