Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistanla sülh sazişinin imzalanmasına ciddi maneə görmür.
“Danışıqlar prosesinin təxminən üç ili ərzində, Ermənistan hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyirdi. Bizim mövqeyimiz ondan ibarət idi ki, bu, bizim daxili işimizdir”, - Əliyev Euronews telekanalına müsahibəsində deyib.
Əliyev əlavə edib: “Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Fakt, sadəcə, ondan ibarətdir ki, bunlar qarşılıqlı olmalıdır. Yaxud da ki, biz sülh sazişində bu məsələni qeyd etmirik. Bir sözlə, bu vaxta qədər, biz həmin məsələ ilə bağlı Ermənistandan hər hansı aydın anlaşma görmədik”.
Əliyev vurğulayıb ki, əgər Ermənistan hər iki milli azlığa eyni yanaşmanın tətbiq edilməsinə razılaşarsa və ya onu tam əks etdirməsə, onda sülh əldə oluna bilər. “Çünki həmin məsələ bizimlə danışıqlar aparan Ermənistan üçün əsas maneə idi. Bir sözlə, görəcəyik, bundan sonra necə olacaq. Səmimi desək, mən hazırda məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm”, - dövlət başçısı qeyd edib.
Prezident sülh sazişinin imzalanması vaxt qrafkininə toxunaraq vurğulayıb: “Vaxt qrafiki ilə bağlı mən nikbin fikirdə idim, çünki biz Azərbaycanın özünün hazırladığı sülh sazişinin ilkin layihəsi ilə bağlı şərhləri bir neçə dəfə Ermənistanla mübadilə etmişdik. Bundan sonra isə iki ölkə arasında altı dəfə şərhlər mübadilə edilmişdir və keçən dəfə “Euronews”a bunun haqqında danışdıqda mən ümid edirdim ki, Ermənistan bizim təkliflərin nəzərdən keçirilməsi vaxtını uzatmayacaq. Biz sentyabrın 11-də onlara sonuncu şərhlərimizi təqdim etmişdik və onlardan cavabı yalnız iki gün əvvəl almışıq. Beləliklə, təqribən iki ay yarımdır ki, onlar bir neçə səhifədən ibarət mətn layihəsini nəzərdən keçiriblər. Bu, nə deməkdir? O deməkdir ki, onlar süni olaraq prosesi ləngitmək istəyirlər. İndi noyabrın sonudur (müsahibənin qeyd edildiyi zaman - İF) və ilin axırına qədər sülh sazişinin imzalanması ilə bağlı ümidlər o qədər də nikbin deyil”, - o bildirib.
Prezident vurğulayıb ki, sazişin imzalanması ilə bağlı zaman qrafiki o qədər də vacib deyil. “Vacib olan hər iki ölkənin gündəliyidir. Məhz Azərbaycan işğaldan və etnik təmizləmədən əziyyət çəkib. Bir milyon azərbaycanlı Ermənistan hökuməti tərəfindən deportasiya edilib. Təxminən sahəsi 15 min kvadratkilometr olan ərazi dağıdılıb”.
“Bir sözlə, hazırda Qarabağ məsələsi bitdikdən sonra düşünürəm ki, Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə, fikrimcə, Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil”, - Əliyev deyib.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan tərəfi Ermənistanın son təkliflərini dəyərləndirəcək və öz şərhlərini verəcək. “Bununla yanaşı, biz müxtəlif rəsmilər arasında və fərqli kanallar vasitəsilə işçi səviyyədə təmasları saxlayırıq. Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”, - Azərbaycan lideri vurğulayıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət